"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti kəskin artıb
- 26 oktyabr, 2022
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin yanvar-sentyabr aylarını 151,101 milyon lirə (13,599 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.
9 ay ərzində "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 310,57 milyon lirə (27,951 milyon manat, 1 il əvvələ nisbətən 2,1 dəfə çox), faiz xərcləri 160,563 milyon lirə (14,451 milyon manat, 2,3 dəfə çox), haqq və komissiya gəlirləri 40,987 milyon lirə (3,689 milyon manat, 5,8 dəfə çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 40,429 milyon lirə (3,639 milyon manat, 7,9 dəfə çox), inzibati xərcləri 37,743 milyon lirə (3,397 milyon manat, 98,5% çox), digər gəlirləri 57,135 milyon lirə (5,142 milyon manat, 5,4 dəfə çox), digər xərcləri 27,484 milyon lirə (2,474 milyon manat, 68,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 28,692 milyon lirə (2,582 milyon manat, 2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 43,538 milyon lirə (3,918 milyon manat, 3,6 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 5 665,582 milyon lirə (509,902 milyon manat) olub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Bunun 3 270,497 milyon lirəsi (294,345 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 91,3 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 2,3 dəfə artaraq 4 901,289 milyon lirəyə (441,116 milyon manat), balans kapitalı isə 27,5 % artaraq 764,293 milyon lirəyə (68,786 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (100 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,09 manat