“PAŞA Bank”ın Türkiyədəki törəməsinin xalis mənfəəti 33 % artıb
- 09 avqust, 2023
- 06:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I yarısını 138,729 milyon lirə (8,324 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 33 % çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 307,728 milyon lirə (18,464 milyon manat, illik müqayisədə 78,9 % çox), faiz xərcləri 165,513 milyon lirə (9,931 milyon manat, 79,1 % çox), haqq və komissiya gəlirləri 62,777 milyon lirə (3,767 milyon manat, 2,5 dəfə çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 52,049 milyon lirə (3,123 milyon manat, 2,2 dəfə çox), digər gəlirləri 42,338 milyon lirə (2,54 milyon manat, 8,6 % az), inzibati xərcləri 39,78 milyon lirə (2,387 milyon manat, 2,1 dəfə çox), digər xərcləri 33,834 milyon lirə (2,03 milyon manat, 99,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 41,336 milyon lirə (2,48 milyon manat, 8,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 45,7 milyon lirə (2,742 milyon manat, 53 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 7 milyard 766,198 milyon lirə (465,972 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 61,7 % çoxdur. Bunun 4 milyard 606,606 milyon lirəsi (276,396 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 64,9 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 66,6 % artaraq 6 milyard 812,528 milyon lirəyə (408,752 milyon manat), balans kapitalı isə 33,8 % artaraq 953,67 milyon lirəyə (57,22 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (30 milyon manat). Bankın səhmlərinin 50,96 %-i “PAŞA Bank”a, 49 %-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,06 manat