"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin kredit portfeli 7 %-dən çox kiçilib
- 08 may, 2024
- 14:49
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanavar-mart aylarını 1,376 milyon lari (0,867 milyon manat) mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.
Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 525,722 milyon lari (331,205 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 0,6 % çoxdur. Bunun 297,364 milyon larisi (187,339 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,4 % kiçilib.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 1,8 % artaraq 412,033 milyon lariyə (259,581 milyon manat), o cümlədən depozit portfeli 4,5 % azalaraq 343,61 milyon lariyə (216,474 milyon manat), balans kapitalı isə 10,2 % artaraq 113,689 milyon lariyə (71,624 milyon manat), o cümlədən nizamnamə kapitalı 6 % artaraq 136,8 milyon lariyə (86,184 milyon manat) çatıb.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
1 lari = 0,63 manat