"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
- 03 noyabr, 2025
- 15:34
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarını 1,156 milyon lari (728 min manat) xalis mənfəətlə başa vurub. Halbuki, bank 2024-cü ilin eyni dövründən 6,166 milyon lari (3,885 milyon manat) mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, 9 ay ərzində "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 2,122 milyon lari (1,337 milyon manat, illik müqayisədə 2,9 dəfə az), mənfəət vergisi ödəmələri isə 965 min lari (608 min manat, 1 il əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 638,638 milyon lari (402,342 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 4,4 % çoxdur. Bunun 363,654 milyon larisi (229,102 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,1 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 4 % artaraq 513,457 milyon lariyə (323,478 milyon manat), o cümlədən depozit portfeli 4,9 % azalaraq 409,799 milyon lariyə (258,173 milyon manat) düşüb, balans kapitalı isə 5,7 % artaraq 125,181 milyon lariyə (78,864 milyon manat) çatıb.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (86,184 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
1 lari = 0,63 manat