"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 01 may, 2025
  • 16:20
PAŞA Bankın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübünü 915 min lari (567 min manat) xalis zərərlə başa vurub. Halbuki, bank ötən ilin eyni dövründən 1,376 milyon lariylə (853 min manat) çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki zərəri 289 min lari (179 min manat) (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri isə 626 min lari (388 min manat) (əvvəlki il ödəməyib) təşkil edib.

Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 700,228 milyon lari (434,141 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 33,2 % çoxdur. Bunun 387,054 milyon larisi (239,973 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,2 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 40,1 % artaraq 577,118 milyon lariyə (357,813 milyon manat), o cümlədən depozit portfeli 43,3 % artaraq 492,373 milyon lariyə (305,271 milyon manat), balans kapitalı isə 8,3 % artaraq 123,11 milyon lariyə (76,328 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (84,816 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,62 manat