“PAŞA Bank”ın Gürcüstandakı törəməsi bu ilin I yarısını zərərlə başa vurub
- 03 avqust, 2019
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin (“PAŞA Bank Gürcüstan”) cəmi aktivləri bu il iyulun 1-nə 414,598 milyon lari (240,467 milyon manat) təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 42% çoxdur.
"PAŞA Bank Gürcüstan"ın aktivlərinin 232,02 milyon larisi (133,412 milyon manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 68,5% böyüyüb.
Hesabat dövründə “PAŞA Bank Gürcüstan”ın cəmi öhdəlikləri 68,2% artaraq 310,691 milyon lariyə (180,201 milyon manat), o cümlədən depozit portfeli 2,3 dəfə artaraq 151,794 milyon lariyə (88,041 milyon manat) çatıb, cəmi kapitalı isə 3,1% azalaraq 103,906 milyon lariyə (60,265 milyon manat) düşüb.
Bu ilin yanvar-iyun aylarında “PAŞA Bank Gürcüstan”ın gəlirləri 14,269 milyon lari (8,276 milyon manat), xərcləri 16,128 milyon lari (9,354 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 1,655 milyon lari (0,96 milyon manat) təşkil edib. Son nəticədə Bank I yarımili 3,514 milyon manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 1,996 milyon lari (1,158 milyon manat) mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “PAŞA Bank” Gürcüstan bazarına 2013-cü ildə daxil olub. Bankın yerli törəməsinin nizamnamə kapitalı 103 milyon laridir (59,74 milyon manat).
1 lari = 0,58 manat