"PAŞA Bank"ın Gürcüstan və Türkiyədəki törəmələrinin səhmdarlarının pay bölgüsü dəyişib
- 20 oktyabr, 2023
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC-nin Gürcüstan və Türkiyədəki törəmələrinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatcısı Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, "PAŞA Yatırım Bankası"nın səhmlərinin təxminən 51 %-nə nəzarət edən "PAŞA Bank"ın payı 28 %-ə endirilib, əvəzində səhmlərin 49 %-nə nəzarət edən "PAŞA Holdinq" MMC isə payını 72 %-ə çatdırıb.
"PAŞA Bank Gürcüstan"da isə holdinq 8 % pay əldə edib. Son nəticədə "PAŞA Bank"ın payı 100 %-dən 92 %-ə düşüb.
"Azərbaycan Mərkəzi Bankının prudensial tələblərinə görə, bank lisenziyasına malik hüquqi şəxsin digər hüquqi şəxslərdəki payına limit qoyulub. Odur ki, hər iki törəmə bankımızda payımızı azaltmağa qərar verdik. Çünki, payımız prudensial pozuntuya yol verən səviyyədə idi", - deyə o qeyd edib.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (30 milyon manat).
"PAŞA Bank Gürcüstan" isə 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon laridir (81,3 milyon manat).