"PAŞA Bank"ın depozit portfeli 3 % azalıb

Maliyyə
  • 13 iyul, 2024
  • 07:42
PAŞA Bankın depozit portfeli 3 % azalıb

“PAŞA Bank” ASC bu ilin I yarısını 119,06 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,6 % çoxdur.

Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 377,763 milyon manat (illik müqayisədə 27 % çox), xərcləri 230,477 milyon manat (39,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1,963 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 30,19 milyon manat (44,2 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 472,931 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1 % çoxdur. Bunun 2 milyard 989,309 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 12 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 0,1 % azalaraq 7 milyard 620,129 milyon manata, o cümlədən depozit portfeli 2,8 % azalaraq 6 milyard 538,377 milyon manata düşüb, balans kapitalı isə 13,6 % artaraq 852,802 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

44 - Tezliklə