"Para" BOKT-un zərəri 15 %-dən çox artıb

Maliyyə
  • 13 may, 2025
  • 16:08
Para BOKT-un zərəri 15 %-dən çox artıb

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,202 milyon manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,4 % çoxdur.

Bu il yanvarın 1-nə "Para"nın aktivləri 18,513 milyon manat olub ki, bu da illik müqayisədə 12,3 % azdır. Bunun 10,376 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 14,5 % kiçilib.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 3,6 % azalaraq 37,65 milyon manata düşüb, balans kapitalının çatışmazlığı isə 6,7 % artaraq 19,137 milyon manata çatıb.

Xatırladaq ki, "Para" 2016-cı ildə lisenziyası ləğv olunmuş "Parabank" ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 29,266 milyon manatdır. BOKT-un səhmlərinin 19%-i Eldar Quliyevə, 16% Alevtina Quliyevaya, 13%-i Tamilla Hacıyevaya, 12%-i Vəli Quliyevə, 11%-i Elnur Quliyevə, 8%-i Fərman Quliyevə, 6%-i Əşrəf Səfərova, 6%-i Faiq Səfərova, 4%-i Rasim Poladova. 2%-i İbrahim Səfərova, 2%-i Əvəz Səfərliyə, 2%-i isə digər şəxslərə məxsusdur.