Özbəkistan Türk dövlətləri üçün mühasibat və auditdə bir neçə istiqamət təklif edib
- 16 sentyabr, 2026
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin ilk ili üçün bir neçə praktiki istiqamət təklif edib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, ilk olaraq ixtisasların qarşılıqlı tanınması üçün yol xəritəsi hazırlamaq məqsədilə ölkələrin ictimai nəzarət və auditor sertifikasiyası sistemləri müqayisə edilməlidir: "İkincisi, ölkələrimizin dillərində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS) və Beynəlxalq audit standartları (BAS) terminlərinin vahid lüğətini yaratmalıyıq. Özbəkistan artıq beynəlxalq audit standartlarını özbək dilinə tərcümə edib və biz bu işə öz təcrübəmizi töhfə verməyə hazırıq. Üçüncüsü, rəqəmsallaşma ilə bağlı Özbəkistan Auditorlar Palatası audit və maliyyə hesabatı standartları üçün yardımçı alətlər hazırlayıb və biz bu həlləri həmkarlarımızla bölüşmək istəyirik".
Onun fikrincə, dördüncü təklif bütün ölkələrdə tanınan birgə təhsil və sertifikasiya proqramları yaradılmalıdır: "Beşincisi, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvü olaraq əminəm ki, beynəlxalq standartların hazırlanmasında ölkələrimizin əlaqələndirilmiş mövqeləri qat-qat yaxşı eşidiləcək".
N. Kərimov bildirib ki, mühasibat uçotu və audit sahəsində əməkdaşlıq Türk dövlətlərinin iqtisadi inteqrasiyasının ayrılmaz hissəsinə çevrilir: "İnvestorlar və kreditorlar əmin olmalıdırlar ki, ölkələrimizdən birində hazırlanmış və digərində audit edilmiş maliyyə hesabatları eyni səviyyədə etibar edilməyə layiqdir. Bugünkü razılaşma "bir ölkə, bir səs" və milli tənzimləmələrə hörmət prinsiplərinə əsaslandığı üçün tam dəstəyimizə layiqdir. Özbəkistanın Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyində iştirakı ilə bağlı uzunmüddətli strateji öhdəliyi var. Palata assosiasiyanın növbəti tədbirlərindən birini Daşkənddə keçirməyə hazırdır. Qoy bu assosiasiya Türk ölkələri arasında etibar və peşəkar ünsiyyətin möhkəm körpüsünə çevrilsin".