IMF: "MENA regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatı 2020-ci ildə 2,8% artacaq"
- 29 aprel, 2019
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Beynəlxalq Valyuta Fondu (IMF) bu il Orta Şərq və Mərkəzi Asiya (MENA) ölkələrində 1,5%, 2020-ci ildə 3,2% və 2021-2024-ci illərdə isə 2,8%-lik inkişaf proqnozlaşdırır”.
“Report” xəbər verir ki, bu barədə qurumun hazırladığı “Regional Economic Outlook”un aprel buraxılışında bildirilir.
“Regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatı 2019-cu ildə 0,4%, 2020-ci ildə 2,8%, 2021-2024-cü illərdə isə iqtisadi artım 2% təşkil edəcək. Bu regionun neft idxalçılarında isə həmin rəqəm 2019-cu ildə 3,6%, 2020-ci ildə - 4%, 2021-2024-cü illərdə isə 4,3%-ə bərabər olacaq”, - hesabatda deyilir.
Ötən il açıqlanan hesabatda isə 2019-cu il üzrə neft ixrac edən ölkələrində 0,6%-lik iqtisadi artım göstərilmişdi. IMF hesab edir ki, bu əsasən İrana qarşı yenilənən sanksiyalar və dekabrda qüvvəyə minən OPEC+ sövdələşməsi ilə əlaqədardır.
IMF-in Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) isə bildirib ki, qiymətlərin mövcud artımına baxmayaraq, neftin orta müddətli qiymət proqnozları ortalama 60 dollar/barel koridorunda olacaq.