“Nikoil Bank”ın səhmdarlarından biri payını satışa çıxarıb

Maliyyə
  • 10 may, 2017
  • 11:38
“Nikoil Bank”ın səhmdarlarından biri payını satışa çıxarıb

Bakı. 10 may. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin səhmdarından biri - “Nikoil” QSC-nin payı Bakı Fond Birjasında (BFB) ticarətə buraxılıb.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumatda deyilir ki, Birjanın Listinq Komitəsinin qərarı ilə “Nikoil Bank”ın 7 351 398 adi səhmi alternativ bazar seqmentində listinqə daxil edilib. Səhmlərin ticarətinə bu gündən başlanılıb.

Qeyd edək ki, “Nikoil Bank”ın nizamnamə kapitalı 184,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 92,25 mln. ədəd səhm əsasında formalaşıb. Bankın səhmlərinin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" şirkətinə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

7 351 398 ədəd səhm “Nikoil Bank”ın dövriyyədə olan səhmlərinin 7,97%-i təşkil etdiyindən məlum olur ki, payını satışa çıxaran “Nikoil”dır. Maraqlıdır ki, şirkət vaxtilə hər birinə 2 manat pul qoyduğu səhmləri 20 dəfə ucuz – cəmi 10 qəpiyə satmaq istəyir.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb.

44 - Tezliklə