Nazir: "Büdcədə 6-cı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb"
- 05 noyabr, 2026
- 11:39
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ilin dövlət və icmal büdcələrində 6-cı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğun təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının VIII qurultayında dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq, əməkhaqlarının və sosial ödənişlərin artırılması məqsədilə növbəti, altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatı yaradılıb. Məlum olduğu kimi, son 8 ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat zərfi icra edilib. Bu islahatların illik əlavə maliyyə yükü 8 milyard manat təşkil edib", - deyə o qeyd edib.