Nazir: "Azərbaycan infrastruktur və ticarət əlaqələri ilə investisiya mühitini gücləndirir"
- 16 iyun, 2026
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan investisiya mühitini infrastruktur və ticarət əlaqələri ilə gücləndirir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.
O hesab edir ki, bu gün investorlara təkcə imkanlar deyil, həm də layihələrin tez və səmərəli şəkildə həyata keçirilə biləcəyi platformalar lazımdır: "Bu baxımdan, Azərbaycan öz təbii-coğrafi üstünlüklərindən, investisiyaların davamlı şəkildə cəlb olunmasına yönəlmiş inkişaf etmiş infrastruktur əlaqələrindən və qonşu ölkələrlə mövcud olan açıq və səmərəli ticarət münasibətlərindən maksimum yararlanmağa çalışır".
Nazir qeyd edib ki, Ələt regionun strateji logistika mərkəzi kimi formalaşır: "Ələt Azad İqtisadi Zonası yalnız müasir infrastruktur, rəqabətədavamlı stimullar və Bakı Beynəlxalq Dəniz Limanına yaxınlığı ilə əlverişli şərait yaratmır, həm də artıq yeni Ələt Karqo Hava Limanı investisiyasına - özəl sektor tərəfindən həyata keçirilən yüz milyonlarla dollarlıq layihəyə ev sahibliyi edir. Eyni zamanda, zona Azərbaycanın Orta Dəhliz boyunca strateji mövqeyini daha da gücləndirir".
M. Cabbarov investorlara əminlik və hüquqi zəmanət vermək məqsədilə xüsusi konstitusiya qanunu qəbul edildiyini də xatırladıb. O bildirib ki, bu qanun zona daxilində fəaliyyət göstərən bütün investorlar üçün sabit və etibarlı hüquqi baza yaradır.
Nazir xatırladıb ki, IsDB Qarabağda suvarma layihəsinə ilk kredit xəttini ayırıb.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının azad edilmiş ərazilərinin inkişafına xüsusi diqqət yetirilir. Bu ərazilərin işğaldan azad olunması, yenidən qurulması və məcburi köçkünlərin geri qayıtması üçün şəraitin yaradılması gənc dövlətimiz üçün ümummilli ideyaya çevrilib. Bu kontekstdə şəxsi xatirələrimə də qısa şəkildə toxunmaq istərdim. 2001-ci ilin sonlarında hökumətə qoşulduğum dövrdə IsDB məcburi köçkünlərə və qaçqınlara illik əsasda institusional dəstək göstərən ilk beynəlxalq maliyyə qurumları arasında idi. Həmin illərdə təxminən hər səkkiz vətəndaşdan biri məcburi köçkün və ya qaçqın vəziyyətində idi. Bu gün isə Bankın işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Qarabağın suvarma kanalının yenidən qurulması üçün xüsusi kredit xətti ayıran ilk beynəlxalq maliyyə institutu olması faktını qeyd edirik. Bu, tərəfdaşlığın gücünü bir daha nümayiş etdirir və bu uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımızı bildiririk".
"Hökumət azad edilmiş ərazilərdə müasir infrastruktur, dövlət dəstəyi və cəlbedici investisiya imkanları ilə yanaşı geniş vergi güzəştləri rejimi tətbiq edir. Hazırda bu ərazilərdə iki böyük sənaye parkı fəaliyyət göstərir. Oxşar qanunvericilik və iqtisadi rejim Naxçıvan Muxtar Respublikasına da şamil edilir. Naxçıvanın xüsusi strateji üstünlüyü onun eyni vaxtda üç qonşu dövlətlə - Türkiyə, İran İslam Respublikası və Ermənistanla sərhəd olmasıdır". - deyə M.Cabbarov əlavə edib.