Nazir: "2014-cü ildə xarici investor tərəfindən ölkə iqtisadiyyatına 15,4 mlrd. dollar investisiya yatırılıb"
- 02 may, 2015
- 05:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 may. REPORT.AZ/ 2014-cü ildə ölkə iqtisadiyyatına 27,7 mlrd. dollar investisiya yatırılıb ki, onun da 15,4 mlrd. dolları xarici investorlara məxsusdur. "Report" xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev "Azərbaycan 2020: İnnovativ və şaxələnmiş iqtisadiyyata doğru" konfransında çıxışı zamanı deyib.
Nazir ölkə iqtisadiyyatına bu vaxta qədər 200 mlrd. dollara qədər investisiya qoyulduğunu deyib:
"Bu 200 mlrd. dollar investisiyanın təxminən 50%-i xarici investorlara məxsusdur. Təkcə 2014-cü ildə ölkə iqtisadiyyatına 27,7 mlrd. dollar investisiya yatırılıb ki, onun da 15,4 mlrd. dolları xarici investorlara məxsusdur".
Ş.Mustafayev deyib ki, Azərbaycan ÜDM-i 12 dəfə artıb:
"Cənubi Qafqaz iqtisadiyyatının 75%-i Azərbaycana məxsusdur. Tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu ilə Çindən İngiltərəyə qədər bütün yüklərin daşınması təşkil ediləcək".
Ş.Mustafayev ölkədə insan kapitalının inkişafı ilə bağlı işlərin görüldüyünü də deyib. Onun sözlərinə görə, son illər ölkədə 3 mindən artıq məktəb təhvil verilib:
"Dövlət Neft Fondunun hesabına 3000-dən artıq tələbə xarici ölkələrdə təhsil alıb".
Onun sözlərinə görə, rəqabətlilik sahəsində Azərbaycan dünya ölkələri arasında 38-ci, MDB-də isə 1-cidir.