Naxçıvanda 9 ayda büdcə gəlirlərinin 63 %-i yerli yığımlar hesabına formalaşıb
- 28 oktyabr, 2025
- 13:03
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 63,1 %-i yerli yığımlar hesabına formalaşıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Maliyyə Nazirliyindən bildirilir.
Belə ki, 9 ay ərzində büdcə gəlirləri 325,6 milyon manat təşkil edib ki, bunun da 205,6 milyon manatı yerli gəlirlər, 120 milyon manatı isə dotasiya olub. Ötən ilin eyni dövrü ilə müqayisədə dotasiya 29,5 % azalıb. Bu azalma tendensiyası, muxtar respublikanın büdcə gəlirlərinin tədricən daxili maliyyə mənbələrinin hesabına formalaşdığını göstərir. Yerli gəlir bazasının genişlənməsi, vergi və qeyri-vergi daxilolmalarının artması, eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanın büdcəsinin getdikcə daha çox öz resurslarının hesabına təmin olunmasına imkan verir.
Bundan başqa, əgər 2022-ci ildə dotasiya 425 milyon manat olubsa, 2023-cü ildə 315 milyon manat, 2024-cü ildə isə 185,2 milyon manat təşkil edib. Beləliklə, son 3 ildə dotasiya 239,9 milyon manat və yaxud 56,4 % azalıb.