Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən çox artıb

Maliyyə
  • 11 iyun, 2026
  • 12:21
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 15 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 64,75 milyon manat vəsait yönəldilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Ötən 5 ayda investisiya qoyuluşunun 35,6 %-i məhsul istehsalı sahələrinə, 19,8 %-i xidmət sahələrinə, 44,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 54,5 milyon manatı və yaxud 84,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 55 % çoxdur.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda əsas kapitala 6 milyard 650,1 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 % azdır. Son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 28,4 % artaraq 2 milyard 551,9 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 14,7 % azalaraq 4 milyard 98,2 milyon manat təşkil edib.