“Nas Project” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 26 may, 2025
- 11:48
“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-ci ili 589 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 35,7 % çoxdur.
Ötən il "Nas Project"in vergiyəqədərki mənfəəti 736 min manat (əvvəlki ilə nisbətən 35,8 % çox), mənfəət vergisi ödəmələri isə 147 min manat (36,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Nas Project”in aktivləri 5,158 milyon manat olub ki, bu da illik müqayisədə 24,2 % çoxdur. Bunun 5,072 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 25,5 % böyüyüb.
Hesabat dövründə "Nas Project"in öhdəlikləri 34,7 % artaraq 3,298 milyon manata, balans kapitalı isə 8 % artaraq 1,86 milyon manata çatıb.
Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. BOKT-un səhmdarı 100% Məhəmməd Quliyevdir.