MİDA MMC-nin xalis mənfəəti 2,5 dəfə azalıb
- 10 iyun, 2022
- 13:40
Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC 2021-ci ili 1,27 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,5 dəfə azdır.
Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 79,274 milyon manat (əvvəlki ilə nisbətən 13 % az), satışının maya dəyəri 64,801 milyon manat (21,6 % az), sair əməliyyat gəlirləri 626 min manat (42,6 % çox), maliyyə gəlirləri 2,053 milyon manat (37,8 % az), investisiya əmlakının xaric edilməsindən əldə edilən gəliri 682 min manat (əvvəlki il olmayıb) səviyyəsində olub.
MİDA-nın ümumi və inzibati xərcləri 10,15 milyon manat (16,3 % çox), maliyyə xərcləri 6,351 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 858 min manat (2,8 dəfə çox) təşkil edib.
Şirkətin maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə mənfəəti 795 min manat (əvvəlki il zərər olub) təşkil edib.
Bu il yanvarın 1-nə MMC-nin aktivləri 461,719 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,8 % artaraq 265,556 milyon manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 196,163 milyon manata düşüb.
Xatırladaq ki, "MİDA" MMC 11 aprel 2016-cı ildə yaradılıb, həmin ilin may 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.