Mərkəzi bank xarici valyutada verilən kreditlər üzrə müəyyən problemlərin olduğunu açıqlayıb
- 01 fevral, 2023
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan banklarının kredit portfeli üzrə dollarlaşma səviyyəsi 20 % təşkil edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
"Amma biznes portfeli üzrə bu göstərici yüksək yəni təxminən 40-45 %-dir. Bu da faktiki olaraq mümkün məzənnə uçotlarında xarici valyutada gəlirləri olmayan həmin biznes subyektlərinin ödənişlərində ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər", - deyə F. İsayev bildirib ki, xarici valyutada verilən kreditlər üzrə müəyyən problemlər var.
Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Bank tərəfindən requlyativ çərçivəyə yenidən baxılıb, istehlak kreditləşməsinin sərtləşdirilməsi ilə yanaşı borcalan üzrə risk kateqoriyası 120 %-dən 200 %-ə qədər artırılıb: "Bununla bağlı faktiki olaraq kredit təşkilatları, xüsusilə banklar xarici valyutada müştərilərin kreditləşməsi üçün daha çox kapital bazasına malik olmalıdırlar".
F.İsayev bildirib ki, aqrar kreditləşmədə milli valyutada kreditlərin payı artmaqdadır – son 3 ildə 81 %-dən 89 %-ə çatıb: "Xarici valyutada verilən təxminən 90 milyon ABŞ dolları həcmində kredit portfelinin təxminən 10-11 %-i hedləşdirilməmiş müştəri bazası üzrədir".