Maliyyə naziri: "Büdcənin neftdən asılılığının azaldılması dövlətin əsas prioritetlərindən biridir"

Maliyyə
  • 30 iyun, 2026
  • 11:35
Maliyyə naziri: Büdcənin neftdən asılılığının azaldılması dövlətin əsas prioritetlərindən biridir

Son illər Azərbaycanda aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə qeyri neft-qaz sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) dəyəri 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 %-nə bərabər olub: "Bu, 2024-cü illə müqayisədə 2,7 % real artım deməkdir".

Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 %-ə, qeyri-neft-qaz vergilərinin payı isə 25 %-ə çatıbki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz bəndi və 2 faiz bəndi çoxdur.

"Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 %-dən 52 %-ə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisinin 57,4 %-ə çatdırılması nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, hesabat dövründə cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə örtülmə nisbəti 92 % təşkil edib. Bu, proqnozla müqayisədə 7 5 faiz bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz bəndi çoxdur. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 %-ə çatdırılmasıdır. Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft-qaz sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft-qaz sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", - deyə S.Babayev əlavə edib.

44 filmi