Azərbaycanda elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib

Maliyyə
  • 30 sentyabr, 2026
  • 14:18
Azərbaycanda elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib

Maliyyə institutlarının və digər öhdəlik daşıyan şəxslərin Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim etməli olduqları məlumat və sənədlərlə bağlı yeni tələblər 2027-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Bu barədə "Report" MMX-yə isinadən xəbər veirir.

"Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı yeni qərarla elektron köçürmələr üzrə məlumat və sənədlərin təqdim edilməsi qaydalarına dəyişiklik edilib.

Belə ki, maliyyə institutlarının MMX-ya məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmə əməliyyatının məbləği 20 000 manat və ya ona ekvivalent xarici valyuta müəyyən edilib.

Bundan başqa, fiziki şəxslər (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən şəxslər istisna olmaqla) tərəfindən bir təqvim ayı ərzində ümumilikdə 50 000 manatdan artıq elektron köçürmə həyata keçirildikdə, həmin ay ərzində aparılan növbəti elektron köçürmələr barədə də məlumat təqdim edilməlidir", - məlumatda deyilir.

Bu tələblər POS-terminalla aparılan və ekvayrinq əməliyyatlarına şamil edilmir.

Yeni qayda ilə öhdəlik daşıyan şəxslər, o cümlədən auditor xidməti göstərən şəxslər tərəfindən MMX-yə məlumat və sənədlərin təqdim edilməsi qaydası, həmçinin maliyyə institutlarının məlumat təqdim etməli olduqları müəyyən əməliyyatlar əhatə olunur. Yeni qaydalara əsasən, öhdəlik daşıyan şəxslər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları MMX-yə 2027-ci il dekabrın 31-dək təqdim etməlidirlər.

Qeyd edək ki, əvvəlki qərarda dəyişikliklərin 1 oktyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu. Yeni qərarla bu tarix 1 yanvar 2027-ci il olaraq müəyyənləşdirilib.