"Legion Financial"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 11 fevral, 2025
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Fevralın 26-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 605 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 6 050 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı 12-22 fevral tarixlərində olacaq.
Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 17,1 % artaraq 3,53 milyon manatdan 4,135 milyon manata çatacaq.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 39,5 %-i Turan İsmayılova, 31,6 %-i Ramin Süleymanlıya, 10,5 %-i Rövşən Sultanova, 13 %-i Böyükağa Məmmədova, 5,4 %-i isə Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.