"Kredit Evi" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 11 iyul, 2026
  • 13:42
Kredit Evi maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanda lombard və lizinq fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC 2025-ci ili 4,844 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin "Baker Tilly Audit Azərbaycan" QSC-nin audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 67,5 % çoxdur.

Ötən il "Kredit Evi"nin vergiyəqədərki mənfəəti 6,084 milyon manat (əvvəlki ilə nisbətən 66,5 % çox), mənfəət vergisi ödəmələri isə 1,24 milyon manat (+62,5 %) təşkil edib.

Bu il yanvarın 1-nə "Kredit Evi"nin aktivləri 60,089 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,1 % çoxdur. Bunun 52,588 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Ötən il şirkətin lombard və lizinq portfeli 36,9 % böyüyüb.

Hesabat dövründə "Kredit Evi"nin öhdəlikləri 29,5 % artaraq 53,985 milyon manata, balans kapitalı isə 60,8 % artaraq 6,104 milyon manata çatıb.

"Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 404 min manatdır. Şirkətin səhmdarları hər biri 50 % payla Dürrə Hüseynova və Səbuhi Əzizovdur. Sonuncu həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının səhmlərinin 50 %-nə nəzarət edir.

44 - Tezliklə