Kapital bazarında vəziyyət: Korporativ istiqrazlara tələb artır
- 22 aprel, 2022
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübünün nəticələrinə görə Azərbaycanın kapital bazarında əvvəlki dövrlərdə olduğu kimi ən çox emissiya olunan dövlət qiymətli kağızları Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin istiqrazları olub.
Bu barədə “Report”a açıqlamasında kapital bazarındakı vəziyyəti şərh edən ölkənin investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli deyib.
O, bildirib ki, Mərkəzi Bank və Maliyyə Nazirliyinə məxsus qiymətli kağızların emissiyası artmaqda davam edir:
"Korporativ istiqrazlar da bazara daha çox girməyə başlayıb. Müəyyən standartlara cavab verən şirkətlər daha çox istiqraz emissiya edərək bazara vəsait cəlb edir ki, bu da bazar üçün yaxşı siqnaldır. Əvvəlki illərlə müqayisədə korporativ istiqrazların emissiyasında artım müşahidə edilir. Bu kağızların əməliyyat həcmləri də kifayət qədərdir. Hazırda emissiya olunan kağızların hamısı hərrac günü birjaya tamamilə yerləşdirilib. Yəni açıqda qalan kağız olmayıb və təkrar bazarda da bu əməliyyatların aparıldığını görürük. Səhm bazarında isə hələ ki, istənilən effekt yoxdur".
C.İbrahimli qeyd edib ki, şirkətlər kağız emissiya etmək üçün bir neçə mərhələdən keçir:
“Bunun üçün xüsusi tələblər var. Kağız buraxılması Mərkəzi Bank tərəfindən qeydiyyata alınmalıdır. Kağızın fond birjasında ticarət olunması üçün listinqə düşmə şərti var. Həmin tələblər təmin edildikdən sonra kağız dövriyyəyə çıxır. Kağıza tələbin çoxluğu şirkətlərə görə dəyişir. Korporativ kağızlara tələbin artması onları emissiya edən şirkətlərin maliyyə hesabatlarının şəffaf olması, ictimaiyyətə açıq olmasına bağlı məsələdir. Birja ən şəffaf bazardır. Burda hesabatlılıq və şəffaflıq təmin edilməlidir. Belə olanda həmin şirkətin kağızlarına tələb də artır. Şirkət hesabatlığı, şəffaflığı təmin edəndə, bir emissiyada ödənişlər vaxtında olanda artıq 2-ci və ya 3-cü emissiyalarda onun bazara kağızılarını yerləşdirməsi daha rahat olur. Çünki həmin şirkət artıq özünü təsdiq etmiş olur”.
C.İbrahimli xarici valyutada buraxılan istiqrazlardan da danışıb:
“Manatla olan istiqrazların gəlirliyi dollarla olan kağızlarla müqayisədə daha çoxdur. Amma vətəndaşın portfelində manatla kifayət qədər kağız varsa, dollarla kağız almağa üstünlük verir. Çünki dollarla əmanətlərə banklar çox faiz vermir. İstiqrazların isə fgəlirliyi yüksəkdir. Hazırda bazarda həm manat, həm də dollarla olan kağızlara tələb olur və onlar rahat satılır”.
C.İbrahimli əlavə edib ki, indiki vəziyyətdə bizim birjada hansısa xarici valyutada olan kağızın qarşılıqlı listinqi olmur. Lakin bu məsələ prioritet olaraq qalır. Vətəndaşlar istəsə, investisiya şirkəti üzərindən dünyanın istəniən ölkəsi və valyutasında əməliyyat apara bilirlər. Xüsusən türk lirəsində olan dövlət qiymətli kağızlarını rahat almaq olur”.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 101,621 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 8,4 % artaraq 2 833 olub. BFB-nin dövriyyəsinin 53,7 %-i, yaxud 2 milyard 737,901 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu da illik müqayisədə 10,65 % azdır. Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 67 % artaraq 224,405 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2 dəfə artaraq 2 milyard 139,315 milyon manat olub.