"Kapital Bank" "yaşıl maliyyələşdirmə" ilə bağlı gördüyü işləri açıqlayıb
- 19 dekabr, 2024
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
İndiyə qədər "Kapital Bank" 150 elektrikli avtomobilin kreditlə alınmasını, eləcə də 8 minə yaxın enerji stansiyasının qurulmasını maliyyələşdirib.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib.
"Azərbaycanın bank sektoru COP29-da "yaşıl maliyyələşdirmə" ilə bağlı böyük öhdəlik götürüb. "Kapital Bank" da müştərilərin tələbatı olsa, "yaşıl kreditlə" verməyə hazırdır", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, rəhbərlik etdiyi bank Şuşa şəhərində filialını açmağa hazırlaşır: "Filialın binasında təmir işləri yekunlaşmaqdadır. Bu il işğaldan azad edilmiş ərazilərdə 3 filial açmışıq. "Şuşa" filialı isə gələn ilin əvvəlində açılacaq".
"Kapital Bank" Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı rayonlarında bir sıra kəndlərin yenidən qurulması, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, infrastrukturun qurulması üçün ümumi məbləği 200 milyon manata yaxın kreditlər ayırıb: "Bu vəsaitlər "Böyük Qayıdış" Proqramı çərçivəsində görülən işlərə, yolların təmiri və digər layihələrın həyata keçirilməsinə yönəldilib. Bu, çox ciddi strateji addımlardır".