ITFC rəhbəri İƏT regionunda biznes üçün əsas çağırışları açıqlayıb
- 17 iyun, 2026
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda, Mərkəzi Asiya dövlətlərində və bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında ticarət əlaqəliliyi prinsipial olaraq yeni strateji əhəmiyyət qazanır.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru Ədib Əlaama Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan "Regional əlaqəliliyin möhkəmləndirilməsi üçün ticarətin stimullaşdırılmasına dair həllər" adlı panel müzakirədə çıxışı zamanı bildirib.
O vurğulayıb ki, bu region Asiya, Avropa və ətraf əraziləri birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. "Bununla belə, sahibkarlar, xüsusilə də kiçik və orta biznes nümayəndələri ciddi çətinliklərlə üzləşməkdə davam edirlər. Onların arasında ticarət maliyyəsinə məhdud çıxış, yeni bazarlara daxil olmaqda çətinliklər, eləcə də regional və qlobal dəyər zəncirlərinə inteqrasiya üçün maneələr yer alır. ITFC üçün regional əlaqəlilik malların sadəcə dövlət sərhədlərindən keçirilməsindən daha geniş anlayışdır. Bu, ticarətin inkişafına dəstək, əlavə dəyər zəncirlərinin möhkəmləndirilməsi, kiçik və orta biznesin rolunun genişləndirilməsi və dayanıqlı, eləcə də inklüziv ticarət ekosistemlərinin formalaşdırılmasıdır".
ITFC korporasiyasının rəhbəri qeyd edib ki, ticarətin maliyyələşdirilməsini, ticarətin inkişafına dəstəyi və etibarlı institusional tərəfdaşlığı özündə birləşdirən kompleks yanaşma olmadan bu vəzifələrin həyata keçirilməsi qeyri-mümkündür.
"Bugünkü sessiyanın məqsədi məhz rəhbər orqanların, maliyyə qurumlarının, özəl sektorun və inkişaf üzrə tərəfdaşların nümayəndələrini bir araya gətirərək ticarət həllərinin regional inteqrasiyaya necə daha səmərəli kömək edə biləcəyini və dayanıqlı iqtisadi artım üçün yeni perspektivlər yarada biləcəyini birgə təhlil etməkdir", - o əlavə edib.