Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
- 26 oktyabr, 2026
- 16:19
Yeniliklərdən dərhal xəbərdar olun!
İran sanki Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmək üçün fürsət axtarırdı. Məktəblərdə vahid məktəbli formasının tətbiqi Tehranı respublikaya qarşı hikkəli siyasi-dini-ideoloji hücuma keçirib.
Ötən gün İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın bu mənada açıqlaması onun tutduğu vəzifəyə heç bir halda uyğun gəlmir. Bu nazir Azərbaycanla məsuliyyət daşıdığı sahə üzrə əməkdaşlıqdan, onun inkişaf etdirilməsindən danışacağı halda mandatına uyğun olmayan ifadələr işlədib. İslam Respublikasının elm naziri Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı məktəbli qızları öz ölkəsinə dəvət edib.
Bu, müstəqil Azərbaycanın daxili işlərinə və təhsil siyasətinə kobud, yersiz və qəbuledilməz müdaxilə cəhdidir.
Azərbaycan Elm və Təhsil Nazirliyi də bildirib ki, iranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Qeyd olunub ki, nazir Hüseyn Simayi-Sərrafın Respublikada təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur. Nazirlikdən bildirib ki, heç kimə ölkənin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir, bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır: "İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olsunlar".
Azərbaycan ictimaiyyətinin nümayəndələri, Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana bu məsələ ilə bağlı açıq məktubla müraciət ediblər.
Müraciət müəllifləri İranda yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərməsini xahiş ediblər: "Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir".
İctimaiyyət nümayəndələri vurğulayıblar ki, ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
Yada salaq ki, Tehran rejiminin tətbiq etdiyi "hicab" adlı qaydaya İranda etirazlar var. Bu məcburiyyətə qarşı çıxanları İslam Respublikası hakimiyyəti məhkəməsiz, istintaqsız, küçə və meydanlarda etiraz aksiyalarında güllələyərək öldürüblər.
2022-ci ilin oktyabrında Məhsa Əmininin ölümündən sonra İslam Respublikasında "Qadın, həyat, azadlıq" şüarı əsasında başlamış etiraz aksiyaları ilyarımadək davam edib. Bu aksiyalar nəticəsində Tehran rejiminin təhlükəsizlik qüvvələri, Sepah 500-550-dən çox insanı meydanlarda, küçələrdə qətlə yetirmişdilər. Yüzlərlə insan yaralanmış, həbs edilmişdi.
Ölkə Prezidenti, konstitusiyaya əsasən, İranın ali rəhbərindən sonra ikinci məsul şəxsi, hökumət başçısı Məsud Pezeşkian məcburi hicab qanununun tətbiqinə və icrasına qarşı çıxaraq bildirib ki, bu, cəmiyyətdə yeni gərginliklərə və iğtişaşlara səbəb olacaq. 2024-cü ilin dekabrında hökumət daha sərt "İffət və Hicab Qanunu"nun icrasının müvəqqəti dayandırıldığını elan etmişdi.
O əlavə etmişdi ki, parlament üzvləri həqiqətən müstəqildirsə, lazımi araşdırmalardan sonra hicab barəsində qanun qəbul edərlər: "Bizim əsas problemimiz özbaşına və günah məsələlərinə uyğun qanun çıxarmağımızdır".
Deməli, 1979-cu il fevral inqilabından sonra az qala yarım əsrdir ki, Tehranın iddia etdiyi hicab qaydalarına qarşı İranda etiraz aksiyaları keçirilir.
Məsələ, heç şübhəsiz, hicab da deyil. Tehran hakimiyyəti Azərbaycanın işğalçı və havadarı olduğu Ermənistan üzərindəki tarixi qələbəsindən, torpaqlarını işğaldan azad etdikdən sonra respublikanın daxili işlərinə müdaxilə etmək üçün bəhanələr axtarır. Əvvəlcə işğaldan dərhal sonra sərhədyanı ərazilərdə Sepah hərbi manevr keçirməklə Azərbaycanı hərbi qarşıdurmaya təhrik etdi. Bu alınmayanda Zəngəzur yolu layihəsinə yersiz, əsassız müdaxilə etməyə səy göstərdi. Bu istiqamətdə də Vaşinqtonla İrəvan arasında məlum saziş imzalandıqdan sonra susmuşdu və məqam gözləyirdi.
Tehran bu addımları həm də "beşinci kolon"u dağıldıqdan və onun emissarı Əliəkbər Ocaqnejat ölkədən qovulduqdan sonra həzm edə bilmədiyi hikkənin təzahürü sayıla bilər.
Azərbaycan vətəndaşlarını İrana təhsil almağa dəvət edən nazir vaxtilə qaçqın düşmüş azərbaycanlı qadınlara göstərilən münasibəti niyə unudur? Onda çətin vəziyyətdə olan azərbaycanlı qaçqın qızlara, qadınlara yardım etməyən Tehran rejimi indi onları təhsil almaq üçün İrana hansı mənəvi haqla dəvət edir?
Tehran rejiminin əsas hədəfi din, hicab deyil. O, Azərbaycana öz aləmində bu məsələ ilə təzyiq edərək, regional gərginliyi artırmağa səy göstərir. Əslində isə bu "ayının armud həvəsi"nə oxşayır. İslam respublikası rəhbərli və təbliğat maşını bütün cəhdləri ilə münasibətləri din müstəvisinə çəkməyə cəhd göstərir. Bununla da Azərbaycanda insanların dini hissləri ilə oynayır.
Ancaq o da məlumdur ki, keçmiş sovetlərdə, ateizmin tüğyan etdiyi bir dövlət Azərbaycanda insanlar dinə imanlarından əl çəkməmişdilər. İranda hər cür əxlaqsızlıq geniş yayıldığı halda burada dini-milli adətə-ənənələrə daim əməl edilib.
Hicabla bağlı Azərbaycana "mollalıq" etmək istəyən nazirin və ona oxşar düşünənlərin diqqətinə İrandakı "iffət evləri", ölkədəki siğə ilə reallaşdırılan rəsmi fahişəxanaları xatırlatmaq da yerinə düşər. Guya bu yolla mühafizəkar qruplar fahişəliyin qarşısını alacaqlarmış. 47 ildir məcburi hicab qaydaları tətbiq edildiyi halda bu kimi əxlaqsızlıqlar harada yaranır? Çünki İran "təki hicab tətbiq olsun, qalan işlər o qədər də önəmli deyil" düşüncəsi ilə fəaliyyət göstərib, İslam Respublikasında hicabı pozanlara qarşı əməliyyat keçirənlər cəmiyyətin inkişafı, tələbatı məsələlərini öyrənməkdən, onun tələblərinə əməl etməkdən uzaqdırlar. Təki baş örtülsün, qalan yerlər yüngül bağlansa da olar?!
Azərbaycan Respublikası torpaqlarını azad etmək, ərazi bütövlüyü və suverenliyinin bərpa etməklə bir daha bütün dünyaya sübut edib ki, o, heç bir dövlətin daxili işlərinə, qanunlarına, o cümlədən təhsil sisteminə müdaxiləsinə imkan verməyəcəyini təsdiqləyib.
Ancaq İran hakimiyyəti yürütdüyü siyasət səbəbindən ölkəsinin daxili işlərinə müdaxilə imkanı yaradır. İranda 40 milyondan çox Azərbaycan türkü, azərbaycanlı var. Öldürülmüş ali rəhbər ayətullah Seyid Əli Xamənei və indiki lider Müctəbah Hüseyni Xamenei də türkdür. ABŞ və İsrailin İrana qarşı əməliyyatları nəticəsində silahlı qüvvələrin onlarla azərbaycanlı yüksəkrütbəli və vəzifəli zabitləri İslam Respublikasının yolunda canlarından oldular. Onların bəzilərinin də iştirak etdiyi fevral inqilabı isə milli zülmün aradan qaldırılması tələbinə indiyədək əməl etməyib.
İranda məktəblərdə Azərbaycan dilində bir sinif belə yoxdur. Hakimiyyət və onun havadarları İranın əsas qanunundakı milli bərabərlik, milli mədəniyyətlərin, dil hüququnun təmin olunmamasından, heç şübhəsiz, xəbərdardırlar. Ancaq belələri həqiqəti hay-küylə ört-basdır etməyə adət ediblər. İran əhalisinin yarısını təşkil edən azərbaycanlıların ana dilində təhsil almaq haqqını Tehran rejimi panfarsistcəsinə pozur. Qanunun icrasını tələb edənlər isə həbs olunur, təqiblərə məruz qalır.
Bu hakimiyyətin, elə İranın elm nazirinin də yadına 20 il öncə - 2006-cı ilin mayındakı etiraz aksiyalarını da salmaq yerinə düşər. Bu, ana dilində təhsil almaq istəyənlərin də haqq səsi idi.
2024-cü ilin prezident seçkisində Məsud Pezeşkianın təbliğat kampaniyası türkcə "Azərbaycan" mahnısı ilə müşayiət olunurdu. O, ana dilinin məktəblərdə tədris ediləcəyini boyun olmuşdu. Ancaq prezident seçildikdən sonra bu vədini heç yadına da salmır. Bu azmış kimi, bəzi tədbirlərdə ona ana dilində çıxış etməyə də imkan vermirlər. İranda və başqa ölkələrdə hicabı bəhanə edib hikkə yeritmək istəyənlər bu kimi halları da xatırlasalar, yaxşı olar.
Bu xüsusda ölkədəki fars olmayanların milli hüquqlarının təmin olunması barədə konstitusiyanın hər an pozulduğunu da Simayi-Sərrafın diqqətinə çatdırmaq istərdik. Nazir öz gözündə tiri görməməyin ziyanlı olacağını da bilməlidir.
Sual olunur, Hüseyn ağa dəvət etdiyi azərbaycanlı qızlara hansı dildə dərs keçəcək? Yoxsa, onları da farslaşdırmağı hədəfləyirlər?
Tehranın İranda, o cümlədən Güney Azərbaycanda bağçalarda, məktəblərdə azyaşlı uşaqları farslaşdırmaq, bu dilin və ədəbiyyatını təsiri altında saxlaması faşizmdir. Çünki bir millət ya qətliam edildi, ya da dili əlindən alınıb assimilyasiya olundu, bunun faşizmdən heç bir fərqi yoxdur.
İslam Respublikası 2-15 yaşlı azərbaycanlı körpə və yeniyetmələri məcburi qaydada fars dilində danışdırır. Bu insalıq qarşısında ən böyük cinayətdir. Həmin cinayəti törədən quruma Hüseyn Simayi-Sərraf başçılıq edir.
Nazir Azərbaycana "mollalıq" etməkdənsə, Tehranda və başqa iri şəhərlərdəki əxlaqsızlıq meydanlarının, narkotik maddələrin satıldığı ərazilərin, bazarları təmizlənməsi, bağlanmasına dair həşir qaldırsın. Bu onun övladlarının, əzizlərinin yaşadığı ölkənin asayişi, əmin-amanlığı üçün daha faydalı olar. Azərbaycanın daxili işinə müdaxilədən isə Simayi-Sərraf - nə ondan kiçiklər, nə də böyüklər - heç nə qazanmaz. Əksinə, bu, iki ölkə münasibətlərinin korlanmasına səbəb olar.
Axı beş ilə yaxındır, helikopter qəzasında ölən keçmiş prezident İbrahim Rəisi, indiki hökumət başçısı Məsud Pezeşkian başda olmaqla İranın müxtəlif səviyyəli rəsmiləri qonşular, müsəlman dövlətləri ilə münasibətlərin normallaşması istiqamətində fəaliyyət göstərirlər. Ancaq Simayi-Sərraf kimilər bu münasibətləri pozmaq üçün kəmfürsətlik edirlər.
Bu açıqlama bir daha təsdiqləyir ki, Tehran hakimiyyəti dəyişmək istəmir. Deyirlər ki, onun belə davranışı inadcıllığı xatırladır. Belə yersiz inadcıllıq isə kütlükdəndir. Başqa bir dövlətin daxili işinə qarışmağın yaxşı hal olmadığını başa düşmək o qədər də çətin deyil.