ITFC: İslam maliyyəsi qlobal böhranlardan müsbət təsirlənib
- 07 oktyabr, 2025
- 16:49

İslam maliyyəsi əsas aktivlərə əsaslandığı üçün qlobal böhranlardan müsbət təsirlənib.
"Report" xəbər verir ki, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş əməliyyat direktoru Nazeem Noordali Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər" mövzusunda panel müzakirəsində bildirib.
Bununla belə, onun sözlərinə görə, İslam maliyyəsinin də qarşısında bir sıra çağırışlar mövcuddur: "Onlardan da əsası geosiyasi məsələlərdir. Rusiya, Çin və ABŞ arasındakı tariflərlə bağlı gərginlik insanların investisiya etmək istədiklərinə real təsir göstərir. Çünki əgər tarifin nə olacağını bilmirsinizsə, böyük investisiyalara yatırım etmək istəməzsiniz. Buna görə insanlar gözləyirlər".
Qonaq qeyd edib ki, İslam maliyyəsində digər aspekt, uyğunluq tələblərinə artan tendensiyalardır: "Biz getdikcə daha çox görürük ki, sizin ticarət əsaslı uyğunluq mexanizmləriniz olmalıdır, çünki bunlar islam maliyyəsində getdikcə daha çox qarşılaşdığımız risklərdir. Məsələn Rusiyada baş verənlərdən sonra, ABŞ və Avropa əslində tələblərə necə uyğun olmalı olduğunuz qaydaları dəyişirlər. Qaydalar demək olar ki, həftəlik, gündəlik ortaya çıxır. Beləliklə, siz bundan xəbərdar olmalısınız. Əks halda, ticarətdə, hər hansı bir biznesdə təchizatçılara ödəniş etdiyiniz zaman cərimələnmək riski ilə üzləşə bilərsiniz".
Süni intellektin əhəmiyyətini vurğulayan N. Noordali AI platformalarının tətbiqi ilə səmərəliliyin 40 %, dəqiqliyin isə 95 %-ə qədər artdığını diqqətə çatdırıb: "AI sənayeni sənədlərin emalından iqlim skrininqinə qədər transformasiya edir. Bu, xüsusilə ticarət maliyyələşdirməsinə, tranzaksiya bankçılığına təsir edir, harada ki, siz müştərinizin xeyrinə bütün bu maliyyələşdirməni və s. emal etməlisiniz".