İzabella Laurent: "EBRD Azərbaycan kapital bazarları ilə uzunmüddətli əməkdaşlığa hazırdır"

Maliyyə
  • 24 sentyabr, 2025
  • 12:01
İzabella Laurent: EBRD Azərbaycan kapital bazarları ilə uzunmüddətli əməkdaşlığa hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın kapital bazarları ilə uzunmüddətli əməkdaşlıq qurmağı və bazarda etimadın formalaşdırılması istiqamətində birgə tərəfdaş olmağı səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) xəzinədarın müavini və maliyyələşdirmə üzrə rəhbəri İzabella Laurent Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakı Fond Birjası ilə birgə təşkil olunan Azərbaycan Sabit Gəlir Forumunun "Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu" panelində deyib.

"Bakı Fond Birjası, Milli Depozitar Mərkəzi və ən əsası Mərkəzi Bank ilə birlikdə yaxın zamanda bazara çıxacağımıza ümid edirik", - o bildirib.

Onun fikrincə, uzunmüddətli kapital bazarlarına və istiqraz bazarlarına keçmək üçün əvvəlcə pul bazarının formalaşması vacibdir.

"Bu, xüsusilə o ölkələrdə önəmlidir ki, orada institusional investor bazası məhduddur. Yəni pensiya fondları və sığorta şirkətləri yox dərəcəsindədir. Çünki bazardakı əksər investorlar banklardan ibarətdir. Bankların öz öhdəlikləri çox vaxt qısamüddətli olur. Bu səbəbdən də onların aldıqları aktivlər də qısamüddətli istinadlarla uyğunlaşdırılmalıdır ki, hər hansı uyğunsuzluq riski (yəni öhdəlik və aktivlərin müddət uyğunsuzluğu) yaranmasın", - EBRD-nin rəsmisi qeyd edib.

İ. Laurent bildirib ki, uzunmüddətli borclanmanın bahalığı iki səbəbdən qaynaqlanır: "Uzunmüddətli öhdəlikləri uyğunlaşdırmağa ehtiyacı olan institusional investorların (pensiya fondları, sığorta şirkətləri) çatışmazlığı və inflyasiyanın çox vaxt düzgün idarə edilməməsi – bu da faizlərin qalxacağı barədə narahatlıqlara səbəb olduğu üçün baş verir".

Son xəbərlər

Bütün Xəbər Lenti