“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 14 fevral, 2023
- 05:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Birjalarda dollar diktə edir
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ərzində qlobal inflyasiyada yüksəlişin tempinin azalması və iqtisadi qeyri-müəyyənlik şəraitində qərarsız qalan mərkəzi bankların gələcək siyasəti ilə bağlı artan qeyri-müəyyənliklər fonunda investorlar aparıcı valyutalar arasında daha çox dollara etimad nümayiş etdirdilər.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri ötən həftəni müvafiq olaraq 1,0680, 1,2050 səviyyələrində, USD/JPY məzənnəsi isə 131,40 səviyyələrində tamamladılar.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103,50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər. Çərşənbə axşamı Amerikada açıqlanacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın gedişində əhəmiyyətli rol oynaya bilər.
EUR
Ötən həftə neft qiymətlərində müşahidə olunan bahalaşma Avropa iqtisadiyyatında risklərin artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində EUR/USD məzənnəsi üzərində təzyiqlərin bir qədər də artmasına təsir edib. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro/dollar qarşısında 1,04 ABŞ dolları hədlərinə qədər ucuzlaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də avrozonada açıqlanacaq ÜDM göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftəni 1,2050 ABŞ dolları hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə dərc olunacaq ÜDM-in həcmi, inflyasiya səviyyəsi və əmək bazarına dair göstəricilər həll edici rol oynaya bilər.
TRY
USD/TRY məzənnəsi ötən həftə ərzində 18,83 TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftə dollar indeksində müşahidə olunacaq tendensiya USD/TRY məzənnəsində də trendin formalaşmasına ciddi təsir edə bilər.
GOLD
İnflyasiya gözləntilərinin və mərkəzi bankların pul-kredit siyasətlərinə dair qeyri-müəyyənliyin hökm sürməsi fonunda qızıla tələb artır. Lakin dollar indeksində artım tendensiyası davam edər və 103,50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1 800 ABŞ dollara kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.