IMF 2028-ci ilə qədər Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
- 07 fevral, 2024
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2024-cü ildə 11 milyard 481 milyon ABŞ dolları olacağı gözlənilir.
“Report” Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.
Bu rəqəm 2025-ci ildə 11,681 milyard ABŞ dollarına, 2026-cı ildə 11,881 milyard ABŞ dollarına, 2027-ci ildə 12,081 milyard ABŞ dollarına, 2028-ci ildə isə 12,281 milyard ABŞ dollarına qədər artacaq.
2023-cü ildə AMB-nin valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb.
IMF-nin proqnozlarına əsasən, Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 2024-cü ildə 52 milyard 819 milyon ABŞ dolları, 2025-ci ildə 53 milyard 205 milyon ABŞ dolları, 2026-cı ildə 53 milyard 425 milyon ABŞ dolları, 2027-ci ildə 53 milyard 744 milyon ABŞ dolları, 2028-cü ildə isə 54 milyard 424 milyon ABŞ dolları olacağı gözlənilir.
Dövlət Neft Fondunun aktivləri 2023-cü ildə 14,3 % artaraq 56 milyard 69,7 milyon ABŞ dollarına çatıb.
Azərbaycanın strateji valyuta ehtiyatları 2023-cü ildə 17 % artaraq 68,5 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinədarlıq vəsaitləri hesabına formalaşır.