“İcraçı Kredit Agentliyi” BOKT-un istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 16 fevral, 2024
  • 11:33
“İcraçı Kredit Agentliyi” BOKT-un istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) 99 min manatlıq faizli, adlı, sənədsiz, təminatsız istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 200 manat olan 495 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.