Hesablama Palatası: Şəhər və rayonlarda xərclərin proqnoza uyğun icrasında ciddi fərqlər var
- 09 sentyabr, 2025
- 17:50

2024-cü ildə Azərbaycanda şəhər və rayonların yerli gəlirləri ümumilikdə 842 milyon manat təşkil edib ki, bu da proqnozdan 66,8 milyon manat və ya 8,6 %, 2023-cü il göstəricisindən isə 9,7 milyon manat və ya 1,2 % çoxdur.
"Report" Hesablama Palatasının bülleteninə istinadən xəbər verir ki, yerli gəlirlərin icra səviyyəsi dövlət büdcəsi gəlirlərini 6,5 faiz bəndi üstələyib.
2025-ci ilin dövlət büdcəsi layihəsində yerli gəlirlər 793,9 milyon manat, yerli xərclər isə 799,2 milyon manat proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə müvafiq olaraq 2,4 % və 1,8 % artımı göstərir. Artım fiskal idarəetmənin təkmilləşdirilməsi, vergi bazasının genişlənməsi və vergi intizamının gücləndirilməsi ilə izah olunur. Hesabat ilində yerli gəlirlərin strukturuna "sair daxilolmalar" adlı əlavə tədiyə növü daxil edilib, digər tədiyə növlərində isə əhəmiyyətli dəyişiklik olmayıb.
2024-cü ildə yerli gəlirlərin əsas mənbələri əlavə dəyər vergisi (30,6 %), hüquqi şəxslərin mənfəət vergisi (26,6 %) və fiziki şəxslərin gəlir vergisi (24,8 %) olub. Lakin müvafiq tədiyə növündə yerli mənbələrin xüsusi çəkisi 2,9 %-13,6 % arasında dəyişib.
Yerli xərclər proqnozdan az icra olunub; 2024-cü ildə şəhər və rayonların xərcləri ümumilikdə 738,6 milyon manat təşkil edib ki, bu da proqnozdan 46,3 milyon manat və ya 5,9 %, əvvəlki ilin göstəricisindən isə 22 min manat azdır. İcra göstəricisi əksər bölgələrdə 85 %-dən yuxarı olub, lakin Xızı (65,6 %), Şuşa (71,8 %), Yardımlı (74 %) və Şirvan (78,5 %) kimi bölgələrdə proqnoz tam icra edilməyib. Az icra əsasən vakant ştatlar, yeni təyin olunmuş işçilərin aşağı ixtisas dərəcələri və kommunal, abadlıq xərclərində qənaətlə bağlıdır.
Funksional təsnifata görə, icra edilmiş yerli xərclərin ən böyük payı "Ətraf mühitin mühafizəsi" (33,8%), "Ümumi dövlət xidmətləri" (27,8%) və "Mənzil və kommunal təsərrüfatı" (27,4%) üzrə olub. İqtisadi təsnifata əsasən isə xərclərin 51,9 %-i malların, işlərin və xidmətlərin satınalınmasına, 26,5 %-i əməyin ödənişinə, 14,1 %-i isə qeyri-maliyyə aktivlərinə yönəldilib.