Hesablama Palatası: "Pensiya ödənişləri icmal büdcədə nəzərdə tutulmayıb"
- 31 oktyabr, 2022
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn ilin "Büdcə zərfi”ndə Azərbaycanda əmək pensiyalarının ödənilməsi üçün 5 milyard 907,2 milyon manat vəsait nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.
Bununla belə, sənəddə deyilir ki, icmal büdcənin iqtisadi təsnifatında pensiya ödənişləri üçün ümumiyyətlə xərc nəzərdə tutulmayıb.
2022-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 159,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 11,5 %-ini təşkil edir.
2022-ci ilin 1 yanvar tarixindən əmək pensiyasının minimum məbləği 20 % artırılaraq 240 manat müəyyən olunub. 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur.