Hesablama Palatası: Naxçıvanın büdcə gəlirlərinin 40 %-i dotasiya hesabına formalaşıb
- 08 sentyabr, 2025
- 16:15

Bu ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 213,2 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrə Naxçıvan büdcəsinin icrasına dair təhlilində qeyd olunub. Bildirilib ki, bu rəqəm təsdiqlənmiş proqnozdan 10,4 milyon manat və ya 4,6 % azdır.
Yerli gəlir mənbələri üzrə icra 128,2 milyon manat olub. Bu, proqnozu 27 milyon manat və ya 26,7 % üstələyib. Artım əsasən yol vergisi, ƏDV, aksiz vergiləri və fiziki şəxslərin gəlir vergisi hesabına təmin edilib.
Ümumilikdə büdcə gəlirlərinin 85 milyon manatı (39,9 %-i) dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşıb. Bu məbləğ əvvəlki illə müqayisədə daha az olub və Hesablama Palatasının rəyinə görə, muxtar respublikanın fiskal müstəqilliyinin güclənməsi baxımından müsbət tendensiya kimi qiymətləndirilir.