Hesablama Palatası MDB nümayəndələrinin onlayn toplantısında iştirak edib

Maliyyə
  • 21 dekabr, 2021
  • 06:23
Hesablama Palatası MDB nümayəndələrinin onlayn toplantısında iştirak edib

Hesablama Palatasının nümayəndə heyətinin də iştirakı ilə MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun XVII toplantısı onlayn olaraq keçirilib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata əsasən, toplantıda qurumun auditoru Cavid Bayramov, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin sektor müdiri Fərqanə Əliyeva və Dövlət gəlirləri və iqtisadi sahələrin auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə iştirak edib. Toplantını giriş sözü ilə Qazaxıstanın Hesablama Komitəsinin Auditoru Enqel Yuliya Fyodorovna açaraq İşçi Qrupun fəaliyyətinin və gələcək tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb.

C.Bayramov üzv ölkələrin fəaliyyətlərini planlaşdırarkən risk əsaslı yanaşmanın tətbiqi təcrübəsinin öyrənilməsi ilə əlaqədar görülmüş ümumi işlər barədə ilkin olaraq iştirakçıları məlumatlandırıb, daha sonra Dövlət gəlirləri və iqtisadi sahələrin auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə bu istiqamətdə üzv AAQ-lardan əldə edilmiş müvafiq məlumatlara əsaslanaraq geniş təqdimatla çıxış edib, o cümlədən təkmilləşmə istiqamətləri ilə bağlı mümkün həll yolları barədə birgə əməkdaşlığın önəmini vurğulayıb.

Toplantıda iştirak edən Rusiyanın Hesablama Palatasının nümayəndəsi səmərəlilik və strateji auditlərin planlaşdırılması üzrə risk əsaslı yanaşma təcrübəsi barədə təqdimatla çıxış edib, daha sonra Belarusun Dövlət Nəzarət Komitəsinin nümayəndəsinin üzv AAQ-lar tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı məruzə dinlənilib.

Tədbir İşçi Qrupun İş Planında nəzərdə tutulmuş gələcək məsələlərin, o cümlədən 2021-ci ilin sonuna kimi görülmüş işlərin müzakirəsi ilə yekunlaşıb.