Hesablama Palatası: Dövlət satınalmalarının ÜDM-yə nisbəti 1,8 faiz bəndi artıb
- 09 sentyabr, 2025
- 17:51

2024-cü ildə Azərbaycanda əvvəlki illə müqayisədə dövlət satınalmaları məbləğinin ÜDM-ə nisbət göstəricisi 1,8 faiz bəndi, xərclərə nisbəti isə 5,3 faiz bəndi artmaqla, müvafiq olaraq 7,8 % və 26,1 % təşkil edib.
"Report" bu barədə Hesablama Palatasının bülleteninə istinadən xəbər verir.
Məlumata görə, ölkədə bu sahədə baş verən əsas dəyişikliklərdən biri "Dövlət satınalmaları haqqında" qanununun yeni redaksiyada qüvvəyə minməsi olub. Bu dəyişiklik həm dövlət satınalmalarının məbləğinə, həm də metodologiyasına əhəmiyyətli təsir göstərib.
Yeni qanunvericilik çərçivəsi satınalmaların maliyyə vəsaiti hesabına həyata keçirilməsini nəzərdə tutur ki, bu da qanunun əhatə dairəsinin genişlənməsinə imkan yaradıb. Bundan əlavə, əvvəlki qanunda satınalmalardan istisna edilə bilən məbləğlər yeni qanunla əhatə dairəsinə daxil edilib ki, bu da həm say, həm də məbləğ baxımından satınalmaların artmasına səbəb olub.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə dövlət satınalmalarının ÜDM-yə ortalama nisbəti 13 %, dövlət büdcəsi xərclərinə ortalama nisbəti təxminən 28 %-dən yüksəkdir.