Hesablama Palatası: Büdcə layihəsində Naxçıvana dair dövlət proqramının maliyyə təminatı açıqlanmayıb

Maliyyə
  • 04 noyabr, 2025
  • 11:05
Hesablama Palatası: Büdcə layihəsində Naxçıvana dair dövlət proqramının maliyyə təminatı açıqlanmayıb

Əvvəlki illərdən fərqli olaraq, növbəti ilin büdcə layihəsində "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın maliyyə təminatı barədə məlumata rast gəlinmir.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, 2025-ci ilin investisiya xərclərində ayrıca sətirlə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası xərclərinin maliyyə təminatı üçün 150 milyon manat nəzərdə tutulmuş vəsait sonradan azaldılaraq 70 milyon manat təsdiq edilib (27,5 milyon manatı Naxçıvanın Nazirlər Kabinetinə, 10 milyon manatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, 8,2 milyon manatı Elm və Təhsil Nazirliyinə, 24,2 milyon manatı isə Dövlət Su ehtiyatları Agentliyinə).

"Cari ilin 8 ayında Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitdən ümumiyyətlə maliyyələşmə aparılmaması, eləcə də icranın Naxçıvanın Nazirlər Kabineti üzrə 28,2 %, Dövlət Su Ehtiyatları Agentliyi üzrə 47,3 % təşkil etməsinin əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin formalaşmasına zəmin yaradacağı qənaətindəyik. Qeyd edilməlidir ki, "Naxçıvan Muxtar Respublikasında infrastruktur və sosial layihələrin həyata keçirilməsi ilə bağlı xərclər" layihəsi üzrə 2023-cü ilin icra göstəricilərinə əsasən dövlət əsaslı vəsait qoyuluşu xərclərində nəzərdə tutulmuş 31 layihə üzrə maliyyələşmiş 39,8 milyon manat vəsaitdən 28 layihə üzrə 35,4 milyon manat vəsait istifadə edilməyərək hesabat dövrünün sonuna qalıqda qalıb", - deyə Rəydə qeyd olunub.

2024-cü ilin icra göstəricilərinə əsasən, 52 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 249,1 milyon manat vəsait 83,3 % azaldılaraq 41,7 milyon manat təşkil etməklə, cəmi 21 layihə üzrə 13,6 milyon manat vəsait ödənilib. Bu da xərclərin 32,6 %-ni təşkil edib. 2026-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı nə İzahatda, nə də Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsündə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın maliyyə təminatı barədə ayrıca məlumat verilməsə də, bu proqram üzrə xərclərin dövlət əsaslı vəsait qoyuluşunun müvafiq istiqamətləri üzrə nəzərdə tutulacağı qənaətinə gəlinib.

Son xəbərlər

Bütün Xəbər Lenti