Hesablama Palatası: Büdcə layihəsində bəzi məbləğlər dəqiqləşdirilməlidir
- 04 noyabr, 2025
 - 11:15
 
                            
                            
                        "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində bəzi məbləğlər dəqiqləşdirilməlidir.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Palatanın apardığı qiymətləndirmə nəticəsində layihədə əks etdirilən göstəricilərin əsasən düzgün olduğu, lakin müəyyən uyğunsuzluqların aradan qaldırılmasına ehtiyac olduğu bildirilib.
Məlumata görə, Hesablama Palatası "Büdcə sistemi haqqında" qanunun 16.1-ci maddəsinə əsasən layihədəki göstəriciləri maddələr üzrə təhlil edib. Araşdırmalar göstərib ki, əvvəlki illərdə və növbəti ilin büdcəsinin tərtibi zamanı Palatanın verdiyi tövsiyələr əsasən nəzərə alınıb.
"Büdcə sistemi haqqında" Qanuna edilən dəyişikliklər fonunda layihənin 8-ci maddəsində müvafiq düzəlişlər aparılıb, funksional təsnifat üzrə bəzi uyğunsuzluqlar aradan qaldırılıb. Bununla belə, Maddə 7 və Maddə 15 üzrə bəzi təkmilləşmələrin aparılmasının zəruriliyi qeyd olunub.
Rəyə əsasən, Maddə 7-də dövlət büdcəsi xərclərinin funksional təsnifatının bölmə və köməkçi bölmə səviyyəsində göstərildiyi qeyd edilsə də, bəzi hallarda istiqamətlər üzrə də məbləğlər əks etdirilib. Bundan əlavə, bəzi bölmə və köməkçi bölmə adları Vahid Büdcə Təsnifatı ilə tam uyğunluq təşkil etməyib.
Təhlil nəticəsində köməkçi bölmə səviyyəsində 160,4 milyon manatlıq uyğunsuzluqlar müəyyən edilib ki, bu da layihədə əks etdirilmiş bəzi məbləğlərə təsir göstərib. Hesablama Palatası bu əsasda Qanun layihəsinin 15-ci maddəsində icmal büdcə xərclərinin yuxarı həddinin dəyişdirilməsinin mümkünlüyü barədə qənaətə gəlib.