Hesablama Palatası büdcə layihəsi ilə bağlı əlavə riskləri açıqlayıb
- 04 noyabr, 2025
 - 11:31
 
                            
                            
                        "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, ortamüddətli dövrdə daxili dövlət borcunun müddət strukturu büdcə xərclərinə birbaşa təsir edən əsas amillərdən biridir. Daxili borcun yenidən maliyyələşdirilməsi faiz xərclərinin artmasına səbəb ola bilər. Xarici borcun valyuta strukturunun 85,2%-nin ABŞ dollarında olması və ümumi borcun təxminən yarısının dəyişkən faizli olması da risk amili kimi qeyd olunur.
Palata bildirib ki, valyutaya tələbin artması və beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin yüksəlməsi şəraitində xarici borca xidmət xərcləri artacaq. Növbəti ildə dövlət borcuna xidmət xərclərinin 2 milyard 457,6 milyon manat, faiz ödənişlərinin isə 1 milyard 380,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Hesablama Palatası diqqətə çatdırır ki, daxili bazarda yerləşdirilmiş 7 milyard 942,4 milyon manatlıq dövlət qiymətli kağızlarının 68 %-i (5,4 milyard manat) qısamüddətli istiqrazlardan ibarətdir. Bu vəziyyət növbəti illərdə dövlət büdcəsi və Təminat Fondunun vəsaitləri hesabına xidmət göstərilməsi mümkün olmayan öhdəliklərin yenidən maliyyələşdirilməsini zəruri edir və likvidlik risklərini artırır. Bununla belə, cari ildə qısamüddətli borcların uzunmüddətli borclarla əvəzlənməsi tendensiyası bu riski müəyyən qədər yumşaldır.
Palatanın rəyində qeyd olunur ki, 2025-ci ilin 9 ayında dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarında artıq ödəmələr 290,2 milyon manat artıb. Bu tendensiya ortamüddətli dövrdə proqnozlaşdırılan vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradır, gəlirlərin dayanıqlılığının obyektiv qiymətləndirilməsini çətinləşdirir və planlaşdırma prosesində əlavə risklər formalaşdırır.
Hesabat dövründə dövlət büdcəsinə olan vergi borcları da artıb. 2025-ci ilin yanvar-sentyabr aylarında vergi borcları 452,6 milyon manat və ya 14,3% artaraq əsasən qeyri-neft-qaz sektorunun payına düşüb. Borcun artımının 60,3%-i əsas məbləğ, 25,3%-i isə faizlər hesabına formalaşıb. Borcun 35,1%-nin maliyyə sanksiyaları və faizlərdən ibarət olması bu istiqamətdə inzibatçılığın gücləndirilməsini zəruri edir.
Aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığının qiymətləndirilməsində istifadə olunan göstəricilərə, xüsusilə asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. Asılılıq əmsalı - sosial sığorta təminatına malik olan şəxslərin sayının məşğul əhalinin sayına nisbətidir.
2024-cü ilin əvvəlinə bu göstərici 54,2%, ilin sonuna isə 51,7 % səviyyəsində olub. Müsbət dinamika müşahidə olunsa da, Hesablama Palatası bildirir ki, pensiya sisteminin davamlılığını təmin etmək üçün daha çevik hüquqi baza və mexanizmlərin formalaşdırılması vacibdir.