Gülər Paşayeva: "Ənənəvi rəqəmsal biliklər artıq maliyyə sektoru üçün kifayət etmir"
- 13 mart, 2026
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlardan gözlənilən bacarıqlar gələcəkdə əsaslı şəkildə transformasiyaya uğrayacaq və daha mürəkkəb forma alacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayeva Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində keçirilən "Banklar forumu və sərgisi"ndə bildirib.
Onun sözlərinə görə, hazırkı dövrdə iqtisadiyyat və maliyyə sahəsində intensiv dəyişikliklər müşahidə olunur və bu tendensiya yeni kompetensiyaların formalaşdırılmasını qaçılmaz edir.
"Artıq yalnız ənənəvi rəqəmsal biliklər kifayət etmir. Bu gün maliyyə sektorunda çalışan və gələcəkdə bu sahədə fəaliyyət göstərəcək mütəxəssislər üçün süni intellekt, e-ticarət, data analitikası kimi istiqamətlər üzrə biliklər, həmçinin tənqidi düşüncə, yaradıcılıq və dəyişən mühitə adaptasiya bacarıqları xüsusi önəm daşıyır".
G. Paşayeva qeyd edib ki, gənclərin işə müraciət formalarında da bu dəyişikliklər artıq hiss olunmaqdadır. "Əvvəllər əsasən Microsoft Office proqramlarının bilinməsi göstərilirdisə, hazırda süni intellekt və analitika sahəsində biliklər, eləcə də müxtəlif beynəlxalq və milli sertifikatlar önə çıxır. Təkcə nəzəri biliklər yetərli deyil və gənclərin erkən mərhələdə iş mühitinə qoşulması böyük əhəmiyyət daşıyır. Tələbələrin universitet dövründən etibarən dövlət və ya özəl sektorda praktiki təcrübə əldə etməsi öyrəndikləri bilikləri real iş proseslərində tətbiq etmə imkanı yaradır".