“Fintrend” BOKT-un öhdəlikləri 3 dəfəyə yaxın artıb
- 31 may, 2024
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
“Fintrend” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,234 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 10,1 dəfə çoxdur.
Ötən il “Fintrend”in vergiyəqədərki mənfəəti 1,339 milyon manat (illik müqayisədə 26,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 106 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Fintrend”in aktivləri 53,211 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur. Bunun 51,789 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 2,8 dəfə böyüyüb.
Hesabat dövründə “Fintrend”in öhdəlikləri 2,8 dəfə artaraq 51,536 milyon manata, balans kapitalı isə 3,8 dəfə artaraq 1,675 milyon manata çatıb.
Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 525 min manatdır. BOKT-un təsisçiləri "Pro Trade Logistics DMCC" şirkəti və Sahib Əliyevdir.