“Finans Kredit” BOKT 300 min manatlıq istiqraz buraxır

Maliyyə
  • 16 oktyabr, 2024
  • 13:44
“Finans Kredit” BOKT 300 min manatlıq istiqraz buraxır

“Finans Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 300 min manatlıq istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 300 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.