Braziliyada ABŞ-nin prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı araşdırmaya başlanılıb
- 05 oktyabr, 2026
- 05:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliya Federal Polisi Birləşmiş Ştatların Cənubi Amerika respublikasında keçirilən dövlət başçısı seçkilərinə mümkün müdaxiləsi ilə bağlı ilkin araşdırmaya başlayıb.
"Report" yerli "O Globo" qəzetinə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Andrey Rodriqes bildirib.
"Biz Baş vəkillikdən xarici müdaxiləyə dair yoxlama aparmaq barədə müraciət almışıq. O, araşdırmaya başlamaq üçün Kəşfiyyat İdarəsinə göndərilib. Bu davam edən istintaq, ilkin prosedurdur. Cinayət işinin açılması barədə rəsmi əmr hələ dərc olunmayıb, lakin proses artıq başlayıb", - nəşr onun sözlərindən sitat gətirib.
Eyni zamanda, Rodriqes təhlükəsizlik mülahizələrinə görə bir gün əvvəl konsulluq qəbulunu dayandıran paytaxtdakı ABŞ və Avstraliya səfirliklərinə qarşı konkret terror hücumu planlarının və ya real təhlükənin mövcudluğunu qəti şəkildə təkzib edib.
Bazar günü keçirilmiş prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. Braziliya Ali Seçki Məhkəməsinin məlumatına görə, protokolların 97,36 %-nin işlənməsi nəticələrinə əsasən, senator Flaviu Bolsonaru (keçmiş prezident Jair Bolsonarunun oğlu) 47,42 % (55 038 846 səs) ilə birinci yeri tutub, hazırkı dövlət başçısı Lula da Silva isə 44,70 % (51 886 308 səs) toplayıb.
Namizədlərdən heç biri 50 %-lik səs həddini keçmədiyi üçün qalib oktyabrın 25-nə təyin edilmiş səsvermənin ikinci turunda müəyyənləşəcək.