Fatih Özer: "Azərbaycan regionun rəqəmsal transformasiyasının aparıcı gücü kimi seçilir"

Maliyyə
  • 28 oktyabr, 2025
  • 11:36
Fatih Özer: Azərbaycan regionun rəqəmsal transformasiyasının aparıcı gücü kimi seçilir

Azərbaycan təkcə regionun iqtisadi mərkəzi kimi deyil, həm də rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Xidmət İxracatçıları Birliyinin Baş katibi Fatih Özer Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində deyib.

O bildirib ki, süni intellekt, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları artıq yalnız sığorta sektorunu deyil, bütövlükdə xidmət ixracını dəyişir, həm səmərəliliyi, həm də etibarlılığı artırır.

F. Özer vurğulayıb ki, Türk dövlətlərinin ortaq tarixi bağları, gənc və rəqəmsal bacarıqlara sahib nəsli, inkişaf edən startap mühiti Azərbaycanla birlikdə daha güclü əməkdaşlıq üçün böyük imkanlar açır.

"Son illərdə Azərbaycan bu əməkdaşlığın mərkəzində yer alıb ölkəmizdə və regionda təşkil olunan ticarət missiyaları çərçivəsində şirkətlər arasında birbaşa əlaqələr qurulub, yeni layihələrin təməli qoyulub. Biz inanırıq ki, "InsurTech" ekosistemi Türk dövlətlərinin bir-birini tamamlayan potensialı üzərində formalaşacaq və Azərbaycan bu prosesin aparıcı güclərindən biri olacaq. Yeni nəsil startaplar və innovasiya mərkəzləri Türk dünyasını rəqəmsal çağın liderlərindən birinə çevirəcək".

F. Özer əlavə edib ki, Bakıda qurulan hər əməkdaşlıq, irəli sürülən hər fikir yalnız sığorta sektorunu deyil, bütövlükdə regionun rəqəmsal gələcəyini formalaşdıracaq.

Son xəbərlər

Bütün Xəbər Lenti