Elşən Kərimov: "Sahibkarlar İKZF-nin zəmanəti ilə 470 milyon manat kredit əldə ediblər"
- 03 may, 2024
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Kredit zəmanət mexanizmi çərçivəsində cari tarixə sahibkarlar İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə 470 milyon manat kredit vəsaitləri əldə ediblər.
“Report” xəbər verir ki, İKZF-nin Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov Fondun həyata keçirdiyi sahibkarlığa dövlət dəstəyi alətlərinə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, bu kreditlər üzrə Fond tərəfindən 56,2 milyon manatdan çox subsidiyanın ödənilməsi öhdəliyi götürülüb və bundan 40,9 milyon manatı artıq ödənilib.
“Zəmanət verilmiş kreditlərin maliyyələşdirdiyi layihələrdə zəmanət verilən tarixə 33,5 min nəfərdən artıq insan çalışıb və əlavə olaraq 5,9 mindən çox yeni iş yerinin açılmasına şərait yaradılıb. Zəmanət verilmiş kreditlər əsasən ticarət və xidmət sektoruna, tikinti sektoruna, qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına yönəldilib. Ötən dövr ərzində zəmanət mexanizmi çərçivəsində müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilmiş, kreditlər üzrə maksimal faiz dərəcəsinin illik 20 % müəyyən olunmasına baxmayaraq, banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə kreditlərinin verilməsi baş vermişdir. Nəticədə, 2023-cü ildə zəmanətli kreditlər üzrə orta illik faiz dərəcəsi 14,2 %, subsidiya hesabına borcalanlar tərəfindən ödənilən faiz dərəcəsi 6,2 % təşkil edib”,- deyə o qeyd edib.
Fondun rəsmisi dövr ərzində zəmanətlərin verilməsi şərtləri əhəmiyyətli dərəcədə yumşaldıldığını diqqətə çatdırıb: “Hazırda kiçik və orta sahibkarların kredit resurslarına çıxışının genişləndirilməsi üçün kreditin məbləğindən (250 min manatadək – yalnız müvəkkil bankın qiymətləndirməsi, 500 min manatadək isə - minimal sənədlər tələb olunur) asılı olaraq sadələşdirilmiş sənədləşmə və anderraytinq proseduru tətbiq edilir.
Kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi, qiymətli kağızlar bazarının stimullaşdırılması və qiymətli kağızların emissiyası yolu ilə alternativ borclanma imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 avqust tarixli 1 832 nömrəli Fərmanına əsasən sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizmi üzrə, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Fondun təminat verməsi mexanizmləri yaradılmış və cari ilin əvvəlindən müvəkkil bankların və sahibkarların istifadəsinə təqdim edilib.
Portfel təminatı mexanizminin yaradılmasının məqsədi mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini daşıyır və müvəkkil kredit təşkilatları ilə risklərin bölüşdürülməsi aləti kimi çıxış edir.
İstiqrazlara təminat verilməsi mexanizminin məqsədi isə emitent sahibkarlar tərəfindən buraxılan və manatla ifadə olunan korporativ istiqrazlarının likvidliyini və cəlbediciliyini artırılması və sahibkarlara yeni mənbələrdən birbaşa maliyyələşməni cəb etməyə imkanın yaradılmasıdır.
Eyni zamanda hesab edirik ki, yeni yaradılan bu mexanizm sayəsində investorlar da öz risklərini bölüşdürərək daha həvəslə yatırımlar etmiş olacaqlar və nəticədə qiymətli kağızlar bazarının inkişafına dəstək vermiş olacıq”.
E. Kərimov Fond tərəfindən növbəti strateji dövr ərzində mexanizmin həm kəmiyyət, həm də keyfiyyət nöqteyi nəzərdən genişləndirilməsi, əhatəliliyinin və benefisiarlara təqdim edilən məhsul kataloqunun artırılmasının hədəf kimi müəyyən edildiyini deyib.
Onun sözlərinə görə, qeyd olunan hədəfə nail olunması üçün müvafiq sahədə Fondun mövcud və yeni dəstək alətlərinin tətbiqinin genişləndirilməsi, sahibkarların kreditləşməsi sahəsində kreditorların risklərinin minimallaşdırılması istiqamətində işlərin görülməsi, o cümlədən bankların sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların kreditləşməsi sahəsində potensialının artırılmasının dəstəklənməsi planlaşdırılır.