Əliyar Məmmədyarov: "Azərbaycanda bank nəzarəti rəqəmsallaşdırılır"
- 24 noyabr, 2026
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda bank nəzarəti rəqəmsallaşdırılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
Onun sözlərinə görə, bank nəzarətinin özünün dərin transformasiyası olmadan ağıllı tənzimləmənin effektiv tətbiqi mümkün ola bilməz.
"Bu bir faktdır ki, ani ödənişlər və məsafədən göstərilən rəqəmsal xidmətlər dövründə ənənəvi nəzarət tədbirlərinin effektivliyi azalmağa doğru gedir. Bu baxımdan proaktiv nəzarətin təmin edilməsi məqsədilə qabaqcıl bank nəzarəti təcrübələrinə uyğun olaraq risk əsaslı nəzarət sisteminin tətbiqinə başlanılmışdır. Sistem "gələcəyə baxış" yanaşmasına əsaslanmaqla bankların risk profilini daha dəqiq müəyyən etməyə, habelə risk səviyyələri əsasında prioritetləşdirilmiş proporsional nəzarət tədbirlərinin tətbiqinə imkan verir. Paralel olaraq nəzarət tədbirlərinin effektivliyinin və çevikliyinin artırılması məqsədilə "sup-tech" həllərinin formalaşmasına və tətbiqinə start verilib. Rəqəmsal maliyyənin əhatə dairəsinin genişləndiyi mühitdə avtomatlaşdırılmış risk əsaslı nəzarət sistemi ölkədə maliyyə sabitliyinin təmin olunması baxımından açar rolunu oynayır və gələcək çağırışlara hazırlıq səviyyələrimizi gücləndirir", - deyə AMB rəsmisi qeyd edib.