Ekspert: "Rəqəmsal ödəniş ekosistemində fırıldaqçılığa qarşı mübarizə gücləndirilməlidir"
- 10 iyun, 2026
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Ödəniş bazarında risk idarəetmə çərçivəsinin yaradılması vacibdir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, "Bank for International Settlements" (Beynəlxalq Hesablaşmalar Bankı - BIS) hesab edir ki, hər bir ölkədə rəqəmsal ödəniş ekosistemində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üçün risklərin idarə olunması çərçivəsi yaradılmalıdır.
T. Rüstəmov qeyd edib ki, BIS-in maliyyə bazarı iştirakçıları üçün müəyyən etdiyi 22 əsas prinsip mövcuddur: "Həmin prinsiplərdən biri əməliyyat riskləri ilə bağlıdır. Fırıldaqçılıq riskləri də məhz əməliyyat risklərinin tərkib hissəsi kimi qiymətləndirilir. Bu yanaşmalardan irəli gələrək işçi qrupu olaraq banklar üçün tövsiyələr və siyasət sənədi hazırlamışdıq. Məqsəd ödəniş xidməti təchizatçıları üçün müəyyən istiqamət göstərmək və onların bu sənəd əsasında öz risk idarəetmə çərçivələrini formalaşdırmasına dəstək vermək idi".
Daha geniş prizmadan baxdıqda isə o bildirib ki, belə bir çərçivə həm Mərkəzi Bank səviyyəsində, həm banklar, həm də fintexlər tərəfindən tətbiq oluna bilər: "Bu, rəqəmsal ödəniş ekosistemində fırıldaqçılıq risklərinin daha effektiv idarə edilməsinə imkan yaradar".