“Effektinvest” BOKT-un xalis mənfəəti 3 dəfə azalıb
- 11 may, 2022
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 3 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə təxminən 3,3 dəfə azdır.
Ötən il “Effektinvest”in vergiyəqədərki mənfəəti 4 min manat (əvvəlki ilə nisbətən 3,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 1 min manat (3,3 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 1,497 milyon manat olub ki, bu da illik müqayisədə 42,6 % azdır. Bunun 965 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 59,1% və yaxud 2,4 dəfə kiçilib.
Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 57,5% və yaxud 62,8% azalaraq 660 min manata düşüb, balans kapitalı isə 0,1% artaraq 837 min manata çatıb.
Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 810 min manatdır. BOKT-un təsisçiləri 59,9% payla Zülfüqar Niftiyev, 38,3% payla İradə Hacıyeva və 1,8% payla Elçin Niftiyevdir (direktor).